Tələbələrin 45-ci elmi konfransı. Ümummilli  lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunur.

Tələbələrin 45-ci elmi konfransı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunur.

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tələbə və magistrantların 45-ci elmi konfransı keçirilib.

Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva konfransı açıq elan edib və gələn qonaqları salamlayıb. O, çıxışında hər il may ayında  təşkil olunan tələbə və magistrantların respublika elmi konfransının gənclərin elmi yaradıcılığına diqqətin təzahürü olduğunu bildirib. 

Sonra söz AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Nigar Aslanovaya verilib. Prorektor bildirib ki, Azərbaycanda iqtisadi  və mədəni tənəzzül  dövründə məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi respublikanın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi ilə nəticələndi. Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövürlərdə Azərbaycanın hər bir yerində nəhəng layihələrin, yenidənqurma işlərinin həyata keçirildiyini qeyd edən prorektor həmin illərdə ölkədə nəhəng abadlıq işlərinin aparıldığını, müasir memarlığın əsası sayılan tikililərin – inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və neçə-neçə binanın inşa edildiyini, çox sayda memarlıq abidəsinin yüksək peşəkarlıqla bərpa olunduğunu diqqətə çatdırıb. Professor Nigar Aslanova onu da vurğulayıb ki, Ulu Öndər hər zaman təhsilə, elmin inkişafına xüsusi diqqət yetirib və hələ Sovet hakimiyyəti zamanı bu işə sistemli şəkildə yanaşaraq gənclərimizin SSRİ-nin ən qabaqcıl ali təhsil müəssisələrində təhsil almasına nail olub və bu yolla gələcəkdə müstəqillik qazanacaq ölkəmiz üçün peşəkar kadr potensialının formalaşmasına töhfə verib. 

Konfransda Tələbə Elmi Cəmiyyətinin ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. Ardınca cəmiyyətin üzvləri Ümummilli Liderin səsləndirdiyi dəyərli kəlamlardan sitatlar gətiriblər.

Daha sonra tələbə və magistrantlar “Qarabağ şəhər və kənd yaşayış məntəqələrinin yenidən qurulmasında dayanıqlılıq prinsiplərinin tətbiqinin əhəmiyyəti”, “Ümummilli Lider Heydər Əliyevin yol-nəqliyyat infrastrukturunun inkişafında əvəzsiz rolu”, “Çoxmərtəbəli monolit dəmirbeton binaların tikintisinin təşkilatı texnoloji etibarlılığının müəyyən edilməsi”, “Elmin kommersiyalaşdırılması yolları” və digər mövzularda məruzələrlə çıxış ediblər.

Konfrans 2 gün davam edəcək və ümumilikdə 619 məruzə dinləniləcək.

AzMİU

Müəlliflərin nəzərinə

Konfrans materialı əvvəl nəşr olunmayan, digər çap və ya elektron nəşrlərdə olmayan yeni tədqiqat nəticələrini əks etdirməlidir. Tezis üç dildən birində (azərbaycan, ingilis və rus dillərində) qəbul edilir.

Nəşr üçün təklif olunan tezisin həcmi 2 səhifəyə qədər, A4 formatında, Microsoft Word mətn redaktorunda Times New Roman 12 şriftlə yığılmalı, səhifənin parametri hər iki tərəfdən- 2sm olmalı, abzasda 1 sm boşluq olmalı və sətirlər arası interval eyni olmalıdır.

Konfrans materialının məzmunu aşağıdakı ardıcıllıqla müəyyən edilməlidir:

1. Tezisin adı (mərkəzdə qalın şrift ilə) 12 sözdən çox olmamalıdır;

2. Hər bir müəllifin soyadı, adı və atasının adı, qrup nömrəsi, rəhbərin elmi adı və elmi dərəcəsi (əgər varsa); Müəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır;

3. İşin mahiyyətini və əldə edilmiş nəticələrini əks etdirən, çox qısa formada annotasiya.

4. Mətnin əsas mənasını daşıyan Açar sözlər (4-5 söz)

5. Tezisin sol yuxarı künçündə təqdim edilən bölmə qeyd olunsun.

 

AzMİU, Tələbə Elmi Cəmiyyəti

4-5 May 2023
AzMİU, A.Sultanova 11