Müasir Azərbaycan  memarlığında Heydər Əliyev fenomeni

Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni

Mayın 5–də Azərbaycan Respublikası Memarlar İttifaqı, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və respublikanın tanınmış memarları iştirak ediblər.

Konfransı açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzinin rəhbəri Elbay Qasımzadə tədbirin müstəsna əhəmiyyətini vurğulayaraq, ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

“Müasir Azərbaycan memarlığında Heydər Əliyev fenomeni” adlı məruzə ilə çıxış edən E.Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında böyük rolunu vurğulayıb: “1993-cü ildə xalq tərəfindən dəvət olunmuş Ulu Öndər Azərbaycanı vətəndaş müharibəsindən, ölkənin bölünməsi təhlükəsindən, siyasi və iqtisadi böhrandan qurtardı. Onun şəxsi nüfuzuna, mətinliyinə, uzaqgörənliyinə və cəsarətinə görə xaricdən olan təzyiqlər zərərsizləşdirildi və Azərbaycanda quruculuq işləri başlandı. Azərbaycan memarlığı yeni intibah dövrünü yaşadı. Azərbaycana rəhbərliyi illərində Ulu Öndər Heydər Əliyev memarlar qarşısında milli memarlıq irsi elementlərini tətbiq etmək tələbini qoymuşdu”.

Memarlar İttifaqının İdarə Heyətinin sədri deyib ki, milli memarlığı dərindən bilən, ona böyük hörmətlə yanaşan Ümummilli Lider partiya iyerarxiyasında ən yüksək rütbədə olmasına baxmayaraq, sovet ideologiyasına zidd addım ataraq memarlıq nümunələrimizdə milli elementlərdən istifadə etmək tapşırığını vermişdi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dövründə bir sıra əhəmiyyətli ictimai binalar inşa olunub, mənzil tikintisi sahəsində inqilabi dəyişikliklər baş verib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikada şəhərsalma və memarlıq sahəsinin keyfiyyətcə yeni erasının başlandığını və Ulu Öndərin bu sahədə siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin işğaldan azad edilmiş əraziləri də daxil olmaqla bütün regionlarında şəhərsalmanın planlı və sistemli aparıldığını, milli memarlığın zəngin ənənələr əsasında müasir tələblər və qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf etdirildiyini bildirib.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Azərbaycan Memarlar İttifaqının 1-ci katibi Gülçöhrə Məmmədovanın "Heydər Əliyev və Azərbaycanda memarlıq fəaliyyəti", Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatovun "Azərbaycan memarlığında və şəhərsalmasında Heydər Əliyevin rolu" mövzusunda məruzələri dinlənilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova isə “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” mövzusunda çıxış edib. Məruzə Ümummilli Liderin memarlıq sənətinə göstərdiyi diqqət və qayğını əks etdirən slaydlarla müşayiət olunub.

Konfransda, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Şəhla Qəhrəmanovanın “Azərbaycanın müasir şəhərsalması Heydər Əliyevin sosial siyasətinin davamı kimi”, professor Rayihə Amənzadənin "1970-80-ci illərdə Azərbaycan memarlığının inkişafı", dosent Nərmin Yusiflinin “Müasir şəhərin ictimai məkanlarının inkişaf xüsusiyyətləri", doktorant Şeyda Novruzzadənin "Dağlıq Şirvan iqtisadi rayonunun şəhər yaşayış məntəqələrinin inkişafının sosial-mədəni problemləri", Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi Rüfət Ağazadənin “Müasir Azərbaycan tarixinin memarı", Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin sektor müdiri Aytac Əkbərlinin "Tarixi mərkəzləri olan şəhərlərdə şəhərsalma çağırışları və məqsədləri", doktorant Nahidə Zeynalovanın "Azərbaycanın müasir şəhərsalmasında modern informasiya sistemlərinin təşkili" mövzularında məruzələri maraqla qarşılanıb.

AzMİU, Azərbaycan Memarlar İttifaqı,
Beynəlxalq Memarlar Akademiyasının (BMAM) Bakı Akamedik Mərkəzi.

Müəlliflərin nəzərinə

Konfrans materialı əvvəl nəşr olunmayan, digər çap və ya elektron nəşrlərdə olmayan yeni tədqiqat nəticələrini əks etdirməlidir. Tezis üç dildən birində (azərbaycan, ingilis və rus dillərində) qəbul edilir.

Nəşr üçün təklif olunan tezisin həcmi 2 səhifəyə qədər, A4 formatında, Microsoft Word mətn redaktorunda Times New Roman 12 şriftlə yığılmalı, səhifənin parametri hər iki tərəfdən- 2sm olmalı, abzasda 1 sm boşluq olmalı və sətirlər arası interval eyni olmalıdır.

Konfrans materialının məzmunu aşağıdakı ardıcıllıqla müəyyən edilməlidir:

1. Tezisin adı (mərkəzdə qalın şrift ilə) 12 sözdən çox olmamalıdır;

2. Hər bir müəllifin soyadı, adı və atasının adı, qrup nömrəsi, rəhbərin elmi adı və elmi dərəcəsi (əgər varsa); Müəlliflərin sayı 3 nəfərdən çox olmamalıdır;

3. İşin mahiyyətini və əldə edilmiş nəticələrini əks etdirən, çox qısa formada annotasiya.

4. Mətnin əsas mənasını daşıyan Açar sözlər (4-5 söz)

5. Tezisin sol yuxarı künçündə təqdim edilən bölmə qeyd olunsun.

 

Azərbaycan Respublikası Memarlar İttifaqı

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Beynəlxalq Memarlıq Akademiyasının Bakı Akademik Mərkəzi

5 May 2023
AzMİU, Ayna Sultanova 11